GeriHüquqi məlumat

Lisenziya razılaşması


1. Terminlər və təriflər.

1.1. Bu Lisenziya Razılaşması (bundan sonra – “Razılaşma”) çərçivəsində aşağıda qeyd olunan terminlər aşağıdakı mənalarda istifadə olunur.

1.1.1 Təsdiq edilmiş mobil tətbiq (Mobil tətbiq) – müəyyən Xidmətlərin göstərilməsi üçün sifarişlərin axtarışı, bu sifarişlərin icraya qəbul edilməsi və Xidmətin göstərilməsi gedişatı barədə sifarişçiyə məlumat verilməsi üçün nəzərdə tutulmuş mobil cihazlara quraşdırılan EHM üçün proqram.

1.1.2. Partnyor – bu Razılaşmanın şərtlərini qəbul etmiş və onun əsasında Mobil tətbiqdən istifadə hüququ almış şəxs.

1.1.3. “MINI” Xidməti (Xidmət) – Partnyora bu Razılaşma əsasında Mobil tətbiqdən istifadə hüququnu verən hüquqi şəxs.

1.1.4. Xidmətlər – Xidmət vasitəsilə sifariş edilən və Xidmətin Partnyorları tərəfindən göstərilən Xidmətlər.

1.1.5. Sifarişçi – Xidmət vasitəsilə xidmət sifariş edən fiziki və ya hüquqi şəxs.

1.1.6. Sifariş – Xidmətlərin göstərilməsi zərurəti haqqında məlumatları özündə əks etdirən və Xidmətlərin növündən asılı olaraq müəyyən parametrlərə malik olan, Mobil tətbiqdə yerləşdirilən məlumat.

1.1.7. Xidmətlərin dəyəri – Xidmətlərin göstərilməsi üçün Sifarişçinin Partnyora ödədiyi pul vəsaitinin məbləği.

1.1.8. Şəxsi hesab – Partnyorun avans ödənişlərinin qeydə alındığı və Mobil tətbiqdən istifadə hüququnun verilməsi üçün ödəniş kimi pul vəsaitin silindiyi hesab.

1.1.9. Şəxsi hesabın balansı – müəyyən vaxt ərzində Şəxsi hesaba mədaxil edilən və Şəxsi hesabdan silinən pul vəsaitlərinin arasındakı fərq.

 

2. Ümumi müddəalar

2.1. Bu Razılaşma “MINI” Xidməti (bundan sonra – Xidmət) tərəfindən EHM üçün proqramdan – Mobil tətbiqdən istifadə hüququnun verilməsi qaydasını müəyyən edir.

2.2. Bu Razılaşma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qoşulma Razılaşmasıdır və Xidmətin https://minitaxi24.com/ internet saytında elektron formada yerləşdirilmiş Razılaşmanın şərtlərinə qoşulma yolu ilə sadələşdirilmiş qaydada bağlanılır. Razılaşmada təsvir edilən qeydiyyat prosedurundan keçmiş şəxs Razılaşmanın şərtlərini qəbul etmiş hesab edilir, bu isə bu sənəddə göstərilən şərtlərlə mülki-hüquqi Razılaşmanın bağlanmasına bərabərdir.

2.3. Qeydiyyat prosedurunu keçməzdən əvvəl Razılaşmanın mətnini diqqətlə oxuyun. Şərtlərdən hər hansı biri ilə razı deyilsinizsə, Mobil Tətbiqdən istifadədən imtina etməlisiniz.

2.4. Razılaşma lisenziya müqaviləsidir, ona Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları şamil edilir.

 2.5. Bu Razılaşmanın şərtlərinin qəbul edilməsi İnternet şəbəkəsində https://minitaxi24.com/ ünvanında yerləşdirilmiş, Mobil tətbiqdən istifadə zamanı Məxfilik Siyasətinin qəbul edilməsi deməkdir.

2.6. Bu Razılaşmanın şərtlərini qəbul etməklə Partnyor anlayır ki, bu Razılaşmanın yerinə yetirilməsi çərçivəsində əldə etdiyi informasiyadan müstəqil, öz maraqları və məsuliyyəti altında istifadə edir. Partnyor Mobil tətbiqdən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün istifadə etdiyi halda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq sahibkarlıq subyekti kimi qeydiyyatdan keçməli, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə əməl olunmasını təmin etməli, həmçinin sərnişinlərin və baqajın daşınması, yüklərin daşınması, yükləmə-boşaltma əməliyyatları sahəsində fəaliyyəti tənzimləyən Azərbaycan Respublikasının bütün qanunvericiliyinin, təhlükəsizlik və əməyin mühafizəsi Qayda və normalarının və digər normativ hüquqi aktların müddəalarının tələblərinə riayət etməlidir. 

2.7. Mobil tətbiqdə yerləşdirilmiş informasiyanın toplanması, saxlanması, sistemləşdirilməsi üzrə Xidmətin, həmçinin Partnyorla belə informasiyaya çıxışın təmin edilməsi üzrə Xidmət arasında hüquq münasibətlərinin fəaliyyəti “İnformasiya alınması haqqında” 30.09.2005-ci il tarixli 1024-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” 03.04.1998-ci il tarixli 460-IQ nömrəli Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq həyata keçirilir.

2.8. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” 03 aprel 1998-cil tarixli 460-IQ nömrəli Azərbaycan Respublikası Qanununun 13-2.3.-cü maddəsinə uyğun olaraq Mobil Tətbiqdə yerləşdirilən məlumatlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə məhdud və ya yayılması qadağan edilmiş məlumatlar kimi təsnif edilmir.

 

3. Razılaşmanın predmeti

3.1. Bu Razılaşmanın şərtlərinə əsasən Xidmət Partnyora sadə (qeyri-müstəsna) lisenziya şərtləri əsasında, Razılaşma ilə müəyyən edilmiş üsullarla Mobil tətbiqdən istifadə hüququnu verir, Partnyor isə Razılaşmada müəyyən edilmiş qayda və məbləğdə Xidmətə haqq ödəməyi öhdəsinə götürür.

3.2. Mobil tətbiqdən istifadə hüququnun verildiyi ərazi Azərbaycan Respublikasının ərazisidir.

 

4. Xidmətin təminatları

4.1. Xidmət təminat verir ki:

4.1.1. Bu Razılaşma üzrə öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər hüquqlara malikdir;

4.1.2. Razılaşmanın Tərəflər tərəfindən icrası üçüncü şəxslərin əqli hüquqlarının pozulmasına səbəb olmayacaqdır;

4.1.3. Partnyorun Razılaşmada göstərilən şərtlərlə Mobil tətbiqdən istifadəsinə mane ola biləcək hər hansı bir Razılaşma ilə bağlı deyildir;

4.1.4. Partnyorun Razılaşmada göstərilən şərtlərlə Mobil tətbiqdən istifadəsini mümkünsüz edə biləcək heç bir hərəkət etməmişdir və etməyəcəkdir.

 

5. Mobil tətbiqdən istifadə qaydaları və yolları

5.1. Partnyor Mobil tətbiqdən yalnız Sifarişlərin yerinə yetirilməsi və Xidmətlərin göstərilməsi prosesinin müşayiət edilməsi məqsədilə istifadə edə bilər. Mobil tətbiqin istifadəsi ilə bağlı Partnyorun hər bir hərəkəti yuxarıda göstərilən məqsədlərə cavab verməlidir.

5.2. Partnyorun hüququ yoxdur:

5.2.1. Mobil tətbiqi tam və ya qismən dəyişdirmək, çoxaltmaq, surətini çıxarmaq, yenidən hazırlamaq (tərcümə daxil olmaqla), yaymaq (o cümlədən satış, prokat, icarə və s.), dərc etmək və ya modifikasiya etmək;

5.2.2. Mobil tətbiqə və ona daxil edilmiş alqoritmlərə icazəsiz giriş əldə etməyə imkan verən, bu Razılaşmada açıq şəkildə göstərilməyən şəkildə istifadə etmək üçün verilənlər bazasının və onun komponentlərinin obyekt kodunu dekompilyasiya etmək, dizassembliyasiya etmək, deşifrə etmək və başqa üsullarla çıxarmağa çalışmaq;

5.2.3. Mobil tətbiqin işinin stabilliyini pozmağa yönəlmiş tədbirlər həyata keçirmək, Mobil tətbiqin və ya onların qapalı bölmələrinin (yalnız Xidmətə girişə icazə verilən bölmələr daxil olmaqla) idarə edilməsinə icazəsiz daxil olmağa cəhd etmək, həmçinin hər hansı digər oxşar hərəkətləri həyata keçirmək.

5.2.4. Mobil tətbiqdən istifadə üçün verilmiş hüquqları, o cümlədən login və parolu, üçüncü şəxslərə sublisenziya Razılaşmasi bağlamaqla və ya digər yolla vermək;

5.2.5. Bu Razılaşmada birbaşa nəzərdə tutulmayan digər hərəkətləri yerinə yetirmək və ya Mobil tətbiqdən başqa üsulla istifadə etmək.

 

6. Mobil tətbiqdə qeydiyyat proseduru

6.1. Mobil tətbiqdən istifadə etmək imkanını əldə etmək üçün Mobil tətbiq və ya Xidmətin saytı vasitəsilə qeydiyyat prosedurundan keçmək lazımdır. Qeydiyyat Partnyor tərəfindən müstəqil şəkildə İnternet şəbəkəsindən istifadə etməklə və ya Xidmətin ofisinin olduğu yer üzrə həyata keçirilə bilər.

6.2. Mobil tətbiqdə qeydiyyat bu Razılaşmanın şərtlərinə tam və qeyd-şərtsiz qoşulmaqdır.

6.3. Qeydiyyat proseduru qeydiyyat formasının müvafiq sahələrini dolduraraq zəruri məlumatları təqdim etməklə həyata keçirilir. Qeydiyyat prosesi zamanı Xidmət göstərilən məlumatların düzgünlüyünü təsdiq edən sənədlərin təqdim olunmasını tələb edə bilər.

6.4. Qeydiyyat Xidmətin öz mülahizəsinə uyğun keçirilir. Qeydiyyat üçün tələb olunan sənədlərin və məlumatların təqdim edilməsi Xidmətin qeydiyyat prosedurunu həyata keçirmək üçün qeyd-şərtsiz öhdəliyinə səbəb olmur.

6.5. Qeydiyyat proseduru Mobil tətbiqə təsdiq edilmiş giriş üçün tələb olunan istifadəçinin identifikasiya nömrəsinin (login) və parolun verilməsi ilə başa çatır. İstifadəçi identifikasiya nömrəsi (login) və parol Xidmət tərəfindən qeydiyyat zamanı göstərilən mobil telefon nömrəsinə göndərilir. Partnyora onun aldığı login və parolu hər hansı digər üçüncü şəxslərə ötürmək, habelə Partnyora aid olmayan login və paroldan istifadə etmək qadağandır. Əgər belə Partnyor tərəfindən əksi sübut edilməmişdirsə, Mobil tətbiqdə təsdiq edilmiş (login və parolu qeyd etmiş) şəxs tərəfindən yerinə yetirilən istənilən hərəkətlər müvafiq Partnyor tərəfindən həyata keçirilmiş hesab olunur,.

6.6. Qeydiyyat prosesi zamanı Xidmət tərəfindən tələb olunan şəxsi məlumatlar və sənədlər yalnız təqdim olunan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə zəruridir və qeydiyyat proseduru başa çatdıqdan sonra Xidmət tərəfindən saxlanılmır.

6.7. Partnyorun göstərdiyi Xidmətlərin növündən asılı olaraq, Xidmət Mobil tətbiqdə qeydiyyatdan keçmiş şəxslər barədə belə şəxslərin eyniləşdirilməsinə imkan verməyən və onların şəxsi məlumatları olmayan bu və ya digər məlumatları saxlayır və istifadə edir. Xüsusilə, Xidmət aşağıdakı məlumatları saxlayır:

6.7.1. İstifadəçi adı. İstifadəçi adı kimi şəxsiyyəti təsdiq edən sənəddə göstərilən məlumatlara uyğun olaraq (soyadı və atasının adı göstərilmədən) fiziki şəxsin adı göstərilir. Ad hər hansı milli dildəçətin tələffüz olunduğu halda, Azərbaycan Respublikasının ərazisində şəxsin istifadə etdiyi analoq kimi transliterasiya edilə bilər;

6.7.2. Avtomobilin markası, rəngi, avtomobilin dövlət qeydiyyat nişanının rəqəm hissəsi (Partnyor tərəfindən göstərilən Xidmətlərin xarakteri nəqliyyat vasitəsindən istifadəni nəzərdə tutursa);

6.7.3. Qeydiyyat zamanı göstərilən mobil telefon nömrəsi.

6.8. Mobil tətbiqdə qeydiyyatdan keçməklə Partnyor “Fərdi məlumatlar və onların mühafizəsi haqqında” 21 may 2013-cü il tarixli, 94-V nömrəli Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq belə razılığın alınması tələb olunan hallarda öz şəxsi məlumatlarının işlənməsinə razılığını bildirir, həmçinin məlumat mesajlarını, o cümlədən belə razılığın zəruriliyi “Reklam haqqında” 15 may 2015-ci il tarixli, 1281-IVQ nömrəli Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulduqda reklam məlumatlarını istənilən yolla, o cümlədən telefon kanalları, internet messencerləri (Viber, WhatsApp, Telegram və bu kimi) vasitəsilə almağa, bu cür mesajların və məlumatların alınmasına razılıq da daxil olmaqla, razılıq verir.

6.9. Xidmətin saytında qeydiyyatdan keçən Partnyor Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Sifarişçiyə sifarişin yerinə yetirilməsi üçün təyin edilmiş nəqliyyat vasitəsinin sürücüsü haqqında məlumatın tərkibində təqdim edilməsi məqsədi ilə öz təsvirinin (fotosunun) açıqlanması və bundan sonrakı istifadəsinə razılıq verir.

 

7. Tərəflərin hüquq və vəzifələri

7.1. Xidmətin hüquqları:

7.1.1. Partnyordan Mobil tətbiqdən bu Razılaşmada nəzərdə tutulmuş qaydada və üsullarla istifadə etməsini tələb etmək;

7.1.2. Mobil tətbiqdən istifadə hüququnun üçüncü şəxslərə, o cümlədən Mobil Tətbiqdən istifadə hüququnun Partnyora verildiyi ərazidə ötürülməsinə dair üçüncü şəxslərlə analoji Razılaşmalar bağlamaq;

7.1.3. Partnyorun Şəxsi hesabının balansı sıfır və ya mənfi dəyərdə olduqda, Partnyorun Mobil tətbiqdən istifadə hüququnu dayandırmaq;

7.1.4. Xidmətə Mobil tətbiq vasitəsilə əldə edilmiş məlumatların qanunsuz istifadəsini göstərən sənədlər daxil olarsa, Partnyorun Mobil Tətbiqdən istifadə hüququnu dayandırmaq. Mobil Tətbiqdən istifadə hüququ Partnyor tərəfindən yol verilmiş pozuntu faktını müəyyən edən qanuni qüvvəyə minmiş məhkəmə qərarları, qətnamələri əsasında dayandırılır. Bu sənədlərin əsli və ya onların müvafiq məhkəmə tərəfindən təsdiq edilmiş surətləri təqdim edilməlidir. Mobil tətbiqdan istifadə hüququ aşkar edilmiş pozuntular aradan qaldırılana qədər dayandırılır.

7.1.5. Mobil tətbiqdə yerləşdirilmiş Xidmətin İş Qaydalarının və/və ya bu Razılaşmanın şərtlərinin Partnyor tərəfindən təkrar və/ və ya kobud şəkildə pozulması halında Partnyorun Mobil Tətbiqdən istifadə hüququnu dayandırmaq və ya ləğv etmək;

7.1.6. Daxili keyfiyyətə nəzarət məqsədilə Partnyorla telefon danışıqlarını qeydə almaq;

7.1.7. Mobil tətbiqin işində dəyişikliklər etmək üzrə və müntəzəm texniki xidmət işləri yerinə yetirmək. Bu işlərin görüldüyü müddətdə Mobil tətbiqin fəaliyyəti məhdudlaşdırıla bilər;

7.1.8. Sifarişçi əmlakını Partnyorun avtomobilində tərk etdiyi halda, itirilmiş əşyaları mümkün qədər tez qaytarmaq üçün Sifarişçiyə Partnyorun telefon nömrəsini təqdim etmək.

7.1.9. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və bu Razılaşmaya zidd olmayan digər hərəkətləri etmək.

7.2. Xidmətin öhdəlikləri:

7.2.1. Partnyora Mobil tətbiqdən istifadə hüququ vermək, Mobil tətbiqin funksionallığını təmin etmək;

7.2.2. Bu Razılaşmanın qüvvədə olduğu bütün müddət ərzində reqlament işlərinin aparılması halları istisna olmaqla Mobil tətbiqin müntəzəm, fasiləsiz işini təmin etmək;

7.2.3. Partnyorın ödənişlərini onun Şəxsi hesabında vaxtında qeyd etmək;

7.2.4. Partnyorun təqdim etdiyi məlumatlara icazəsiz daxil olma cəhdlərini, tərəflərin hüquqi münasibətləri ilə birbaşa əlaqəsi olmayan şəxslərə ötürülməsi cəhdlərini vaxtında aşkar etmək və qarşısını almaq;

7.2.5. Partnyor haqqında məlumatı onun razılığı olmadan dəyişdirməmək və ya redaktə etməmək.

7.3. Partnyorun hüquqları:

7.3.1. Mobil tətbiqdən bu Razılaşmada nəzərdə tutulmuş qaydada və üsullarla istifadə etmək;

7.3.2. Xidmətdən texniki və konsultasiya xidmətləri də daxil olmaqla bu Razılaşmanın şərtlərinə uyğun olaraq Mobil tətbiqdən istifadə hüququnun təmin edilməsini tələb etmək.

7.4. Partnyorun öhdəlikləri:

7.4.1. Xidmət haqqını bu Razılaşma ilə müəyyən edilmiş qaydada və müddətlərdə ödəmək.

7.4.2. İcraya qəbul edilmiş Sifarişi onun şərtlərinə uyğun icra etmək;

7.4.3. Öncədən Xidmətə təqdim edilmiş qeydiyyat məlumatlarının dəyişdirilməsi halında, eləcə də Sifarişlərin icrasını qeyri-mümkün edən hallar yarandıqda, dərhal Xidmətə məlumat vermək.

7.4.4. Mobil tətbiqdə avtorizasiya üçün tələb olunan məlumatların (login və parol) təhlükəsizliyini təmin etmək, həmçinin öz login və parolundan istifadə etməklə üçüncü şəxslərin Mobil tətbiqdə avtorizasiya imkanlarının qarşısını almaq üçün bütün tədbirləri görmək;

7.5. Partnyor Xidmətə Mobil tətbiqdən istifadə ilə bağlı hesabat təqdim etmir.

 

8. Xidmətlərin dəyərinin müəyyən edilməsi qaydası

8.1. Xidmətlərin dəyəri avtomatik olaraq konkret sifarişin parametrlərinə (nəqliyyat vasitəsinin tipi, daşınma məsafəsi, daşınan yükün həcmi, tipi, çəkisi, yükləmə-boşaltma işlərinin həyata keçirilməsi vaxtı, xidmətlərin hesablanması məqsədi ilə məkanın sahəsi və s.), habelə Partnyorun fəaliyyət regionunda formalaşmış analoji Xidmətlərin orta dəyərinə əsasən müəyyən edilir.

8.2. Xidmətin hesablanmış dəyəri Partnyorun özünün müəyyənləşdirdiyi dəyərlə uyğun gəlmədikdə, Partnyor sifarişi icraya qəbul etməmək hüququna malikdir.

8.3. Partnyorun Sifarişi icraya qəbul etməsi Partnyorun Xidmətlərin təklif olunan dəyəri ilə tam və qeyd-şərtsiz razılaşması deməkdir. Partnyor sifarişi qəbul etdikdən sonra Xidmətlərin dəyərinin birtərəfli qaydada dəyişdirdikdə və ya qəbul edilmiş sifarişi yerinə yetirmədikdə Xidmət Partnyora qarşı Mobil tətbiqdən istifadə hüququna xitam vermək daxil olmaqla cərimə sanksiyaları tətbiq etmək hüququna malikdir.

8.4. Xidmətlərin dəyəri Sifarişçi tərəfindən artım istiqamətində dəyişdirilə bilər.

8.5. Sifarişçi ilə Partnyor arasında nağdsız qaydada hesablaşmalar aparılarkən, Xidmət Sifarişçinin vəsaitlərinin Partnyorun Şəxsi hesabına daxil edilməsi üçün qəbul edilməsi baxımından onun adından və onun hesabına fəaliyyət göstərən agent kimi çıxış edir. Xidmət Partnyorun agentinin öhdəliklərini yalnız Sifarişçinin vəsaitlərinin alınmasını təmin etmək baxımından öz üzərinə götürür və Xidmətlərin göstərilməsi ilə bağlı Partnyorun hər hansı digər hüquq və öhdəliklərini üzərinə götürmür.


9. Xidmətin haqqı

9.1. Mobil tətbiqdən istifadə hüququnun verilməsinə görə Partnyor Xidmətə bu Razılaşma ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə haqq ödəməyi öhdəsinə götürür.

9.2. Mobil tətbiqdən istifadə hüququnun verilməsinə görə Xidmətin haqqının məbləği Partnyorun gəlirindən (mədaxil) faiz ayırmaları formasında müəyyən edilir.

9.3. Haqqın məbləği Partnyorun Mobil tətbiqdə yerinə yetirilməsi üçün qəbul etdiyi Sifariş barədə məlumatlarda göstərilir.

9.4. Haqqın məbləği Xidmət tərəfindən birtərəfli qaydada müəyyən edilir. Partnyor Sifarişi icraya qəbul etməzdən əvvəl Xidmətin haqqının məbləği ilə tanış olmalı və onunla razılaşmadığı halda belə Sifarişi icra etməkdən imtina etməlidir. Sifarişin Partnyor tərəfindən icraya qəbul edilməsi göstərilən haqq məbləğinin qəbul edilməsi deməkdir.

9.5. Haqqın ödənilməsi Partnyorun müstəqil şəkildə müəyyən etdiyi məbləğdə pul vəsaitlərinin Şəxsi hesaba köçürülməsi yolu ilə əvvəlcədən ödəniş sistemi üzrə həyata keçirilir.

9.6. Haqqın ödənilməsi Sifarişin icraya qəbul edildiyi anda Partnyorun Şəxsi hesabından haqq məbləğinə bərabər məbləğdə vəsaitin silinməsi yolu ilə həyata keçirilir.

9.7. Şəxsi hesabın artırılması avans ödənişlərinin bank kartları vasitəsilə mədaxili, özünəxidmət terminalları vasitəsilə, pul vəsaitlərinin hesablaşma hesabına köçürülməsi və ya Xidmətin kassasına mədaxil edilməsi yolu ilə həyata keçirilir.

 

10. Tərəflərin məsuliyyəti

10.1. Xidmətin məsuliyyəti:

10.1.1. Xidmət öz öhdəliklərinin yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyır;

10.1.2. Xidmətin texniki vasitələrinin işləmə qabiliyyətinin saxlanılması və inkişafı zərurətindən yaranan avadanlığın, proqram təminatının dəyişdirilməsi və ya digər reqlament işlərinin aparılması ilə bağlı Mobil tətbiqın fəaliyyətinin tam və ya qismən dayandırılmasına görə Xidmət məsuliyyət daşımır;

10.1.3. Xidmətə aid olmayan proqram təminatının və ya avadanlığın nasazlığı zamanı Mobil tətbiqin işində yaranan fasilələrə görə Xidmət məsuliyyət daşımır;

10.1.4. Xidmət Partnyorun üçüncü şəxslərə, o cümlədən Sifarişçilərə vurduğu zərəri, o cümlədən itirilmiş mənfəəti, kompensasiya etmək üçün heç bir öhdəlik götürmür;

10.1.5. Xidmət Partnyor qarşısında üçüncü şəxslərin, o cümlədən Sifarişçilərin, Partnyora hər hansı bir zərər vurması, o cümlədən itirilmiş mənfəət şəklində zərərlə nəticələnəcək hər hansı hərəkətlərinə görə məsuliyyət daşımır.

10.2. Partnyorun məsuliyyəti:

10.2.1. Partnyor öz öhdəliklərinin yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyır;

10.2.2. Partnyor xidmətlərin lazımi qaydada göstərilməsinə, habelə onun tərəfindən vurulan hər hansı bir zərərə, o cümlədən Sifarişçinin əmlakının itirilməsinə və ya zədələnməsinə görə Sifarişçi qarşısında müstəqil olaraq məsuliyyət daşıyır.

10.2.3. Partnyor həm Sifarişin icrası ilə əlaqədar, həm də Sifarişin icrası ilə əlaqəli olmayan hərəkətlərə görə üçüncü şəxslərə dəymiş ziyana görə məsuliyyət daşıyır. Bu halda Xidmət mübahisələrin mümkün qədər tez həlli məqsədi ilə Partnyor və Sifarişçi arasında vasitəçi kimi çıxış edə bilər.

10.2.4 Xidmət tərəfindən Partnyorun (onun işçilərinin və/və ya kontragentlərinin) lazımi keyfiyyətdə olmayan xidmətlərin göstərilməsindən irəli gələn sifarişçilərin xeyrinə hər hansı ödənişlər edildikdə, Partnyor Xidmətə bununla əlaqədar dəymiş zərəri kompensasiya etməyi öz öhdəsinə götürür. Göstərilən kompensasiya pul vəsaitlərinin Partnyorun Şəxsi hesabından silinməsi yolu ilə həyata keçirilir.

10.2.5. Partnyor Xidmətin qaydaları ilə cərimə sanksiyaları nəzərdə tutulan hərəkətlərə yol verdikdə, nəzərdə tutulmuş sanksiya çərçivəsində Partnyorun şəxsi hesabından Xidmətin xeyrinə vəsait silinir. Qayda pozuntularının siyahısı Mobil tətbiqdə yerləşdirilib. Kifayət qədər vəsait olmadıqda, hesabat dövrü üçün hesablanmış cərimələr Partnyorun debitor borcu sayılır və bu borc Partnyor şəxsi hesabını artırdıqda prioritet qaydada ödənilir.

 

11. Fors-major hallar

11.1. Tərəfləri məsuliyyətdən azad edən əsas fors-major halların təsirinin olmasıdır. Bu bəndin ifadə etdiyi mənada fors-major dedikdə Azərbaycan Respublikası Mülki Məcəlləsində göstərilən hallar başa düşülür.

11.2. Fors-major halın təsirinə məruz qalmış Tərəf digər Tərəfə fors-majorun baş verməsi, növü, mümkün müddəti və hansı öhdəliklərin yerinə yetirilməsinə mane olduğu barədə dərhal yazılı məlumat verməyə borcludur.

11.3. Fors-major hallara məruz qalmış və bu barədə xəbərdarlıq etməmiş Tərəf daha sonra onu məsuliyyətdən azad etmək üçün əsas kimi fors-major halın təsirinə istinad edə bilməz.

 

 12. Mübahisələrin həlli qaydası

12.1. Tərəflər Razılaşmadan irəli gələ biləcək hər hansı mübahisə və fikir ayrılıqlarının danışıqlar yolu ilə həlli üçün bütün tədbirləri görməyi öhdələrinə götürürlər.

12.2. Pretenziyalara cavab müddəti və mübahisələrin və fikir ayrılıqlarının danışıqlar yolu ilə həll edilməsinə yönəlmiş sənədlərin təqdim edilmə müddəti Tərəfin bu cür tələbləri aldığı və/və ya göstərilmiş sənədlərin təqdim edilməsinə ehtiyac yarandığı tarixdən etibarən 7 (yeddi) təqvim gününü keçməməlidir.

12.3. Tərəflər danışıqlar yolu ilə mövcud mübahisələr və fikir ayrılıqları barədə razılığa gəlmədikdə, mübahisələr və fikir ayrılıqları Xidmətin yerləşdiyi yer üzrə məhkəmədə həll edilməlidir.

 

13. Bu Razılaşmaya dəyişikliklərin edilməsi

13.1. Bu Razılaşmaya dəyişikliklərin edilməsi Xidmət tərəfindən birtərəfli qaydada Xidmətin saytında müvafiq dəyişikliklərin yerləşdirilməsi yolu ilə həyata keçirilir. Göstərilən dəyişikliklər saytda dərc edildiyi gündən 7 (yeddi) təqvim günü keçdikdən sonra qüvvəyə minir.

13.2. İstənilən dəyişikliklər qüvvəyə mindiyi andan Mobil tətbiqdən istifadə edən bütün şəxslərə, o cümlədən dəyişikliklərin qüvvəyə mindiyi tarixdən əvvəl Mobil tətbiqdən istifadəyə başlamış şəxslərə şamil edilir. Edilmiş dəyişikliklərlə razılaşmadıqda Partnyor Mobil tətbiqdən istifadəni dayandırmalı və bu barədə Xidməti məlumatlandırmalıdır.

 

14. Əqli mülkiyyət

15.1. Partnyor “MINI” Xidmətinin kommersiya nişanından, həmçinin sifariş üsullarının reklamının yayılması məqsədi ilə MINI əmtəə nişanından istifadə etmək üçün məhdud hüquq əldə edir.

15.2. Partnyor telefon nömrəsinin tanıdılmasına (reklamına), sifarişin həyata keçirilməsinin digər üsullarına, o cümlədən Partnyorun nəqliyyat vasitələrində reklam yerləşdirilməsi yolu ilə yönəldilmiş hərəkətləri müstəqil həyata keçirmək hüququna malikdir. Eyni zamanda, reklamın (o cümlədən onun məzmunu və yerləşdirilməsi) mövcud qanunvericiliyin tələb və normalarına uyğunluğuna görə yalnız Partnyor məsuliyyət daşıyır. Bu müddəa Xidmətin reklamçı kimi çıxış etdiyi Razılaşmalar əsasında Xidmətin reklam edildiyi hallara şamil edilmir.

 

15. Xüsusi şərtlər

15.1. Razılaşma Partnyora Mobil tətbiqə müstəsna hüquqların verilməsini nəzərdə tutmur, bununla əlaqədar Partnyora Razılaşmada nəzərdə tutulmuş hüquqların verilməsi dövlət qeydiyyatına alınmır.

15.2. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq, Razılaşma abunə müqaviləsidir və Tərəflərdən yerinə yetirilmiş işlərə dair ikitərəfli aktların verilməsini və imzalanmasını tələb etmir.

15.3 Partnyor, Sifarişçilərə Xidmətlər üçün endirimlərin təqdim edilməsində ifadə olunan marketinq kampaniyaları və digər oxşar tədbirləri öz mülahizəsinə əsasən həyata keçirməyə Xidmətə razılıq verir. Bu zaman Partnyorun bu cür endirimlərin təmin edilməsi ilə bağlı xərcləri Xidmət tərəfindən tam şəkildə Xidmətin haqqının məbləğində mütənasib azalma ilə kompensasiya edilir.

15.4. Razılaşmanın şərtləri, Tərəflərin ayrıca bir müqaviləsi ilə başqa hal nəzərdə tutulmayıbsa, Mobil tətbiqdə qeydiyyatdan keçmiş bütün şəxslərə şamil edilir. Tərəflər ayrıca bir müqavilə bağladıqda, belə müqavilənin şərtləri Tərəflərin hüquq münasibətlərinə şamil edilir.